“Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

16 Mart 2018- 09:58
11 “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

Azərbaycan Respublikasının

2018-ci il 23 fevral tarixli

Qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Medalın ümumi təsviri

 

“Azərbaycan avtomobil yolları - 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm, qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

 

2.1. Diametr boyu kiçik kürəkciklərlə haşiyələnmiş medalın ön tərəfinin aşağı hissəsindən yuxarı hissəsinə doğru açılan günəş şüalarının üzərində yol, körpü və səkkizguşəli ulduzun fraqmentindən ibarət kompozisiya yerləşdirilmişdir. Kompozisiyanın aşağı hissəsində palıd budağı, yuxarı hissəsində “100” rəqəmi təsvir olunmuşdur.

 

2.2. Ön tərəfin yuxarı hissəsində qövs boyunca “AZƏRBAYCAN AVTOMOBİL YOLLARI”, aşağı hissəsində qövs boyunca “1918” və “2018” rəqəmləri həkk olunmuşdur. Yazılar ilə rəqəmlər arasında sol və sağ tərəflərdə diametri 2 mm olan səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

 

2.3. Medalın haşiyəsi, bütün yazılar və təsvirlər relyefli olaraq, qabarıqdırlar.

 

Maddə 3. Medalın arxa tərəfi

 

3.1. Medalın arxa tərəfində Azərbaycan Respublikasının xəritəsinin konturu təsvir olunmuşdur. Xəritənin üzərində “AZƏRBAYCAN AVTOMOBİL YOLLARI 1918-2018” sözləri yazılmışdır. Xəritə və yazılar relyefli olaraq, qabarıqdırlar.

 

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

 

Maddə 4. Medalın elementləri

 

4.1. Medalın paltarın yaxasına bərkidilmək üçün 30 mm x 50 mm ölçüdə, 2 halqa və ilgək vasitəsilə medala birləşdirilən beşbucaqlı elementi vardır. Elementin üzərinə mərkəzində 10 mm enində sarı rəngli, mərkəzdən sol və sağ tərəflərə doğru, ardıcıl olaraq, 6 mm enində göy rəngli, 1,5 mm enində qırmızı rəngli və 2,5 mm enində göy rəngli şaquli zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.

 

4.2. Elementin yuxarı hissəsinə 32 mm x 5 mm ölçüdə, üzərində sol və sağ tərəflərdən mərkəzə doğru yönəldilmiş iti bucaqlı həndəsi elementlər təsvir edilmiş lövhə bərkidilmişdir.

 

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 30 mm x 9 mm ölçülü qəlib əlavə olunur.