Binəqədi rayonunda daha 2 küçədə təmir-tikinti işləri bitir - VİDEO / FOTO

6 Fevral 2018- 13:50
11 Binəqədi rayonunda daha 2 küçədə təmir-tikinti işləri bitir - VİDEO / FOTO

Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir.

 

Bu çərçivədə Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn daha iki küçədə aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir.

 

Söhbət 945 metr uzunluğunda olan Məsud Davudoğlu və 1.9 km uzunluğa malik Abay Kunanbayev küçələrindən gedir.

 

Hər iki küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, mövcud kommunikasiya xətləri ( su, kanalizasiya, qaz, rabitə, elektrik ) bərpa olunur və ya yeniləri çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Aidiyəti qurumlarla birgə aparılan işlər gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

 

Aparılan yenidənqurma işləri zamanı Məsud Davudoğlu küçəsinin eni 7-8 metrdən ortalama 12 metrə çatdırılıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb.

 

Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri tikilir, mövcudları isə bərpa olunur. Yol boyu piyada səkilərinin kənarlarına 2 min p/metr uzunluğunda yeni səki daşları düzülür. Sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 2 yerdə “cib”li dayanacaq hissələr yaradılıb.

 

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınır, 15 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşünsə 70 ədəd yeni baxış qapaqları qoyulur.

 

Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 10 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.

 

Abay Kunanbayev küçəsində də yolun hərəkət hissəsini genişləndirilməsi işləri aparılıb. Küçə 1.3 km-lik hissədə 9 metrdən 12 metrə, 0.6 km-lik hissədə isə 7 metrdən 14 metrə qədər genişləndirilib. 

 

Təmir-tikinti işləri zamanı yararsız qruntun qazılaraq çıxarılması, yararlı qrunt tökülərək kipləşdirilməsi, yeni əsasın inşası, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkilərinin qurulması, mövcudlarının isə bərpa olunması işləri aparılıb. Yol boyu piyada səkilərinin kənarlarına 3600 p-metr yeni səki daşları düzülüb.

 

Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 22 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.

 

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, 12 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşün isə 26 ədəd yeni baxış qapaqları qoyulub.

 

Hər iki küçədə işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparıılır. Təmir-tikinti işləri artıq son mərhələdədir. Yaxın günlərdə hərəkətin normal təşkili üçün küçələr boyu yeni yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.