Dövlət Proqramının icrasının 4-cü ilinin yekunlarına həsr olunan iclas keçirilib - FOTO

2 Fevral 2018- 13:53
11 Dövlət Proqramının icrasının 4-cü ilinin yekunlarına həsr olunan iclas keçirilib - FOTO

Yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev çıxışı zamanı əldə olunan uğurlardan, genişmiqyaslı sosial-infrastruktur layihələrindən danışarkən yol infrastrukturunun yenidən qurulmasının önəmini xüsusi olaraq qeyd edib və bildirib ki, 2018-ci ildə 2300 kilometr avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkilməlidir. Çünki vətəndaşların rahat gediş-gəlişi, həmçinin sənayenin, kənd təsərrüfatı və turizmin inkişafı birbaşa olaraq həmin ərazilərdə yol örtüyünün keyfiyyətindən asılıdır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan iclas keçirilib.

 

İclas iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra cəmiyyətin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.

 

Saleh Məmmədov yol infrastrukturunun yenidən qurulmasını regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramlarında yer alan infrastruktur layihələri sırasında xüsusi olaraq qeyd olunduğunu və Prezident İlham Əliyevin regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası ilə bağlı keçirdiyi bütün konfranslarda çıxışı zamanı bunun önəmini xüsusi olaraq vurğuladığını qeyd edib.

 

İdarə Heyətinin sədri ölkə başçısının konfransdakı çıxışında son 14 il ərzində 12 min 300 km yol çəkildıyini, bu il bu rəqəmin təqribən 15 min km-ə çatacağını, bu çərçivədə bu il 2300 km avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yollarının çəkiləcəyini qeyd etdiyini deyib. Təbii ki, bütün bunlar avtomobil yolları işçiləri qarşısında əlavə məsuliyyət, işini daha mükəmməl və peşakarlıqla yerinə yetirməsi deməkdir.

 

İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısının konfransdakı çıxışından irəli gələn tövsiyə və tapşırıqlarına əsasən, artıq respublika üzrə bütün rayonları əhatə edən magistral, respublika və yerli əhəmiyyətli yollarda genişmiqyaslı yenidənqurma işlərinə start verildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

 

İclas zamanı 2018-ci il prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən prezident İlham Əliyevin namizədliyinin irəli sürüldüyü qeyd olunub. Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bütün kollektivinin dövlət başçısının apardığı daxili və xarici siyasəti alqışladığını, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirib.

 

İclasın sonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısının konfransdakı çıxışından irəli gələn məsələlərlə bağlı aidiyəti idarə və şöbələrin rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını verdi.