Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun yenidən qurulmasına başlanılıb - VİDEO / FOTO

25 Yanvar 2018- 10:52
11 Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun yenidən qurulmasına başlanılıb - VİDEO / FOTO

Kəndlərarası və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması və tikintisi layihələri çərçivəsində ölkə boyu aparılan işlər Saatlı rayonundan da yan keçməyib. Təkcə ötən il ərzində rayon ərazisində ümumi uzunluqları 53.3 km olan 63 min nəfər əhalinin yaşadığı 25 yaşayış məntəqəsini birləşdirən 2 kəndlərarası avtomobil yolu yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.

 

Vətəndaşlarımızın gediş-gəlişinin rahatlaşmasına, onların həyat şəraitinə müsbət mənada təsir edən kənd təsərrüfatının və turizmin inkişafına səbəb olan kəndlərarası yolların yenidən qurulması layihələri 2018-ci ildə bütün rayonlarda olduğu kimi Saatlı rayonunda da davam etdirilir.

 

Belə ki, Saatlı rayonunun Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qısa müddət ərzində müvafiq işlərə başlanılıb.

 

Yenidənqurma işləri 3 yaşayış məntəqəsinin 4 mindən artıq əhalisinin uzun illərdir sözügedən torpaq və çınqıllı yolla hərəkətdə qarşılaşdıqları problemlərə son qoyacaq, onların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yoluna raat çıxış əldə etməklə respublikanın istənilən nöqtəsinə gediş-gəlişi daha da rahatlaşacaq.

 

2.5 km uzunluğunda olan Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolu ü umi eni 10 metr olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən salınır.

 

Tikinti layihəsinə uyğun olaraq yol yatağı tamamilə yenidən tikilib. Bunun üçün lazımi qalınlıqda çınqıl materialı yola döşənib. Tikinti norma və qaydalarına uyğun olaraq hazırda tələb olunan materialdan yol əsasının tikintisi üçün hazırlıqlar görülür. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə isə yolun yüksək keyfiyyətli asfalt-betonla örtülməsi planlaşdırılır. Bu işlər isə yolun hərəkət hissəsini eni 6 metr nəzərə alınaraq 15 min m2-dən çox sahədə aparılacaq.

 

Dövlət başçısının imzaladığı sərəncama uyğun olaraq hazırlanan tikinti layihəsi çərçivəsində yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədi ilə 3 yerdə suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə aparılıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yüksək keyfiyətlə apardığı işlər imkan verir ki, yaxın gələcəkdə yol boyu yaşayan vətəndaşların yolla bağlı qarşılaşdıqları problemlər birdəfəlik öz həllini tapsın, insanların təhlükəsizliyi təmin olunsun. Çünki avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yol boyu zəruri olan bütün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılmaqla yeni və müasir yol infrastrukturu yaradılmış olacaq.