Şəkidə 50.9 km-lik xüsusi əhəmiyyətə malik avtomobil yolu yenidən qurulur - VİDEO / FOTO

26 Yanvar 2018- 11:17
11 Şəkidə 50.9 km-lik xüsusi əhəmiyyətə malik avtomobil yolu yenidən qurulur - VİDEO / FOTO

Dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəki rayonunda xüsusi əhəmiyyətə malik avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

 

Söhbət 50.9 km uzunluğunda olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolundan gedir.

 

Sözügedən yolun 21 km-I respublika əhəmiyətli R56 Kərimli avtomobil yoluna düşür. Bu üzdən yolun bu hissəsi 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulacaq. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2.5 metr olmaqla ümumi eni 12 metr təşkil edəcək. Başlanğıcını M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17-ci km-dən götürən Kərimli avtomobil yolu R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna birləşməklə, bölgələri birləşdirmək baxımından xüsusi əhəmiyyətə malikdir.

 

Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun qalan 29.9 km-lik hissəsi isə 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Burda yolun hərəkət hissəsi 7 metr, çiyinlər 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir.

 

Hazırda yol boyu layihə çərçivəsində yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının inşası işləri aparılır. Daha sonra yol əsasının tikintisi və asfaltlanma işləri aparılacaq. Ümumilikdə yolun 300 min m2-dən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

 

Tikinti layihəsinə uyğun olaraq yol boyu mövcud olan suötürücü borular yeniləri ilə əvəzlənəcək, züruri olan yerlərdə yeniləri inşa ediləcək. Belə ki, yola müxtəlif diametrli 290 metr uzunluğunda beton, 450 metr uzunluğunda isə dmir boruların quraşdırılması, mövcud 2 körpünün isə əsaslı şəkildə təmiri planlaşdırılır.

 

Layihə işləri texnoloji ardıcıllıqla və yüksək keyfiyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün lazımi sayda qüvvə əraziyə cəlb olunub.

 

Yenidənqurma işləri yol boyu yaşayan vətəndaşların xüsusən payız-qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları çətinlikləri aradan qaldıracaq, yük və sərnişin daşımasının asanlaşmasına səbəb olacaq. Bundan başqa respublikanın iki əsas avtomobil yoluna çıxış əldə olunmaqla rayonlar arası məsafə dəfələrlə qısaldılmış olacaq. Yetişdirilən kənd təsərrüfatı məhsullarının qonşu rayon mərkəzlərinə və paytaxt Bakıya tez və rahat şəkildə daşınmasına şərait yaradılmaqla kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

 

Qeyd edək ki, Şəki rayonunun Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolu 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.