Abay Kunanbayev küçəsinin bir hissəsi yenidən quruldu - VİDEO / FOTO

23 Yanvar 2018- 13:34
11 Abay Kunanbayev küçəsinin bir hissəsi yenidən quruldu - VİDEO / FOTO

Paytaxt Bakıda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn küçələrin əsaslı şəkildə təmiri istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks tədbirlər çərvivəsində Binəqədi rayonu Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olunur.

 

Təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, mövcud kommunikasiya xətləri bərpa olunub və ya yeniləri çəkilib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Aidiyəti qurumlarla birgə aparılan işlər gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

 

Küçənin uzunluğu 1.8 km, mövcud eni isə ortalama 9 metr təşkil edirdi. Aparılan təmir-tikinti işləri çərçivəsində yolun hərkət hissəsi 12-13 metrə qədər genişləndirilir.

 

Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Hazır olan hissələrdə asfaltlanma işləri də aparılıb. Ümumilikdə yolun 1 km-ə yaxın hissəsinə artıq 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, yeni piyada səkiləri qurulub, mövcudları isə bərpa olunaraq asfaltlanıb.

 

Yararsız qruntun qazılaraq çıxarılması, yeni əsasın inşası, hərəkət hissəsinin genişləndirilməsi və vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkiləri qurulması, mövcudlarının isə bərpa olunaraq asfaltlanması işləri aparılır. Yol boyu piyada səkilərinin kənarlarına yeni səki daşları düzülür. Yola düzüləcək yeni səki daşlarının ümumi uzunluğu 4 min paqon-metrə yaxın olacaq.

 

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşünsə yeni baxış qapaqları qoyulacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. İşlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.