Xaçmazda 29 km uzunluğunda yeni avtomobil yolu inşa edilir - VİDEO / FOTO

10 Yanvar 2018- 09:03
11 Xaçmazda 29 km uzunluğunda yeni avtomobil yolu inşa edilir - VİDEO / FOTO

Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən dərhal təmir-tikinti işlərinə start verilib.

 

Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının sərəncamı ilə yenidən qurulan və 8 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun uzunluğu 29 km təşkil edir.

 

Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə vətəndaşlar tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcəklər.

 

Layihəyə əsasən sözügedən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edəcək. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

 

Hazırda tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur. Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görüləcək. Ümumilikdə yolun 170 min m2-də çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

 

Bundan başqa yol boyu zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün suötürücü boruları tikintisi, mövcudların isə təmir olunaraq bərpa edilməsi nəzərdə tutulub.

 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra layihəyə uyğun olaraq zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu yaşayan vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Bununla da sözügedən ərazidə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafı baş tutacaq.