Sabirabadda 39 km-lik yolun yenidən qurulmasına başlanılıb - VİDEO / FOTO

8 Yanvar 2018- 15:34
11 Sabirabadda 39 km-lik yolun yenidən qurulmasına başlanılıb - VİDEO / FOTO

Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən sistemli fəaliyyət həyata keçirilir. Bütün rayonları əhatə edən yenidənqurma işləri yüksək keyfiyyətlə və sürətlə aparılır. Bu cür layihələrdən biri də Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun yenidən qurulmasıdır.

 

Son illərdə kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir.

 

Sabirabad rayonu da bu baxımdan kənarda qalmayıb. Belə ki, uzunluğu 39 km olan Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 15 yaşayış məntəqəsinin 22 min əhalisinin ürəyincə olub.

 

Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.

 

Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək.

 

Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, yeni yol əsası inşa edilir. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınacaq. Ümumilikdə yola 230 min m2-dən çox asfalt örtük döşənəcək.

 

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınacaq, zəruri olan yerlərdə yeniləri qurulacaq. Bərpa işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

 

Bütün işlər Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun bu il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.