Müstəqillik yolumuzda sönməz Günəş

12 Dekabr 2017- 16:59
11 Müstəqillik yolumuzda sönməz Günəş

Ulu öndər Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi prosesləri müdriklik və uzaqgörənliklə dəyərləndirən, bu proseslərdə doğma xalqının mənafeyini qorumağı bacaran nəhəng siyasət və dövlət adamı, əsl milli lider olmuşdur. Onun böyük və mənalı həyat yolu - Azərbaycan tarixinin bir hissəsini təşkil edir. Hələ sovet hakimiyyəti dövründə özünün yüksək fərdi və intellektual imkanları, təşkilatçılıq qabiliyyəti və liderlik keyfiyyətlərinə görə respublika rəhbəri seçilən Heydər Əliyev mərkəzi hakimiyyətin tapşırıqlarının sözsüz yerinə yetirildiyi sovet idarəçiliyi sistemində belə Azərbaycanın strateji maraqlarına, rifahına və gələcəyinə cəsarətlə xidmət etmişdir.

 

Həmin dövrdə ulu öndərin həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, sosial-mədəni islahatlar xalqımızın milli mənlik şüurunu oyatmış, totalitar rejimin təziyiqlərinə baxmayaraq azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsini təmin etmişdir. Heydər Əliyevin çoşqun fəaliyyəti sayəsində Azərbaycan istər sosial-iqtisadi, istərsə də mədəni-humanitar sahələrdə keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında öncül mövqeyə çıxmışdı. İttifaq dövləti daxilində, Rusiya Federasiyasından sonra öz daxili imkanları hesabına müstəqil yaşamaq qabiliyyəti olan ikinci respublika Azərbaycan olmuşdur. Bu tarixi faktın özü bizim hazırkı müstəqilliyimizin 1969-82-ci illərdə Heydər Əliyev tərəfindən yaradılan iqtisadi və mənəvi potensialdan qaynaqlandığını göstərir.

 

Ulu öndərin Azərbaycan tarixindəki müstəsna yeri və rolu haqqında cənab Prezident İlham Əliyev demişdir: “Heydər Əliyev dahi şəxsiyyətdir, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir”.

 

Hələ sovet dövründə Heydər Əliyevin keçmiş ittifaq və dünya miqyasında qazandığı hörmət və şöhrət Azərbaycan xalqı üçün misilsiz iftixar mənbəyi idi. Biz - o dövrün canlı şahidləri yaxşı xatırlayırıq ki, ümummilli liderimiz həmin dövrdə həm respublikamızın sosial-iqtisadi tərəqqisi, həm də milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi üçün necə fədakarlıqlar göstərirdi. Bir yandan öz şəxsi nüfuzu sayəsində ittifaq büdcəsi hesabına Azərbaycanda iri sənaye, nəqliyyat, mədəni quruculuq layihələrinin icrasına, digər tərəfdən bütün sahələrdə hünərvər fəaliyyəti ilə fərqlənən əmək adamlarının, yaradıcılıqları ilə milli düşüncə və mənəviyyatımızı ifadə edən ədib və musiqiçilərimizin, incəsənət xadimlərinin fəxri adlar və mükafatlara layiq görülməsinə nail olurdu. Sovet İttifaqının hər yerində Heydər Əliyev insanları xarüqələr yaratmağa ruhlandıran əsl lider, neqativ hallara qarşı qətiyyətlə mübarizə aparan cəsarətli rəhbər, haqq-ədalət carçısı kimi tanınır və sevilirdi.

 

Tarix boyu xalqımıza qarşı düşmən münasibət göstərən qüvvələr, xüsusən son yüz illiklərdə torpaqlarımıza göz dikmiş mənfur erməni millətçiləri Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu dövrdə səslərini çıxarmağa, bəd niyyətlərini ifadə etməyə çəkinirdilər. Dağlıq Qarabağda separatizm, Ermənistanın Azərbaycana qarşı yenidən ərazi iddiaları məhz Heydər Əliyevin siyasi hakmiyyətdən qərəzkarlıqla uzaqlaşdırılmasından dərhal sonra baş qaldırdı və xalqımızın bu gün də ağrı-acısını çəkdiyi problemlərin yaranmasına səbəb oldu.

 

Ulu öndər adi təqaüdçü həyatı yaşadığı bir dövrdə - qanlı 20 Yanvar hadisələri baş verəndə də amansız cinayətə məruz qalan doğma xalqı ilə birlikdə olduğunu bütün dünyaya nümayiş etdirdi. 1990-cı il yanvarın 21-də Heydər Əliyevin ailə üzvləri, o cümlədən cənab İlham Əliyevlə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, mətbuat konfransı təşkil edərək, sovet rəhbərliyini, onun siyasətini qətiyyətlə pisləməsi, xalqımıza başsağlığı verməsi milli azadlıq tariximizin şanlı səhifələrindəndir. O zaman sovet hakimiyyətinin süquta uğramasına hələ iki il vardı və ümummilli liderimizin kəskin, cəsarətli bəyanatı onun öz xalqına sədaqətinin və milli maraqları hər şeydən uca tutmasının bariz göstəricisi idi.

 

Tarix və tale Heydər Əliyevə əsl milli lider kimi yenidən siyasi hakimiyyətə qayıtmağı, bu dəfə Azərbaycanda müstəqil dövlət quruculuğuna başlamağı və bu mürəkkəb prosesi uğurla apararaq, xalqımızı azadlığa və inkişafa qovuşdurmağı nəsib etdi. O, müstəqil dövlətçiliyimizin atributlarının ilk dəfə Naxçıvanda muxtar respublikanın rəsmi atributları kimi qəbul edilməsinə nail oldu, 1993-cü ilin iyununda isə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdaraq bütövlükdə müstəqil Azərbaycan üçün xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Bu zaman ulu öndərin hansı çətinliklərin öhdəsindən gəldiyi, dövlətçiliyimizi daxili və xarici düşmənlərin qəsdlərindən necə qoruduğu hamımıza yaxşı məlumdur. İqtisadi böhran, siyasi özbaşınalıq, cinayətkarlığın genişlənməsi, erməni təcavüzü və müharibə, yeni sepatizm və dövlət çevirilişi cəhdləri, cəmiyyətdə mənəvi tənəzzülün başlanması - bunlar Azərbaycanın müstəqilliyini təhdid edən, daha doğrusu, onu süquta aparan əsas amillər idi. Ulu öndər düzgün və qətiyyətli siyasəti ilə qısa müddətdəbu amillərin qarşısına sədd çəkdi, müstəqilliyimizi qorudu, müasir dövlətimizi qurdu. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi “1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da düşünülmüş siyasətdir, cəsarətdir, müstəqil siyasət və addımlardır”.

 

Ulu öndərimiz əmin idi ki, onun başladığı işləri, müəyyənləşdirdiyi strateji xətti ardıcılları uğurla davam etdirəcəklər. Həqiqətən də, 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti yaşayır, yeni formalarla zənginləşir, müstəqil ölkəmiz inkişaf edir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir, bu sabitlik xalq - iqtidar birliyinə əsaslanır. Azərbaycan xalqı 2003-cü, 2008-ci, 2013-cü illərdə keçirilmiş prezident seçkilərində ulu öndərin layiqli davamçısı, müasir dünya siyasətində böyük nüfuz qazanmış cənab İlham Əliyevə etimad göstərməklə ölkəmizdə xalq - iqtidar birliyinin ən yüksək səviyyədə olduğunu nümayiş etdirmişdir.

 

Ulu öndərimizin Azərbaycanın gələcəyi ilə bağlı arzuları sırasında ölkəmizin yol infrastrukturunun inkişaf etdirilməsi və regionda mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi, xüsusən də Qədim İpək yolunun bərpası mühüm yer tuturdu. Onun bu sahədəki böyük təşkilatçılıq fəaliyyətinin və nüfuzunun nəticəsi olaraq 1998-ci il sentyabrın 7-də Bakıda “Tarixi İpək yolu”nun bərpasına dair beynəlxalq konfrans keçirilmiş, 9 ölkənin dövlət başçılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndələrinin iştirak etdiyi konfransda bir sıra əhəmiyyətli sənədlər, həmçinin “Bakı Bəyannaməsi” qəbul edilmişdir. Yeri gəlmişkən, Azərbaycanın konfransda əldə etdiyi çox mühüm nəticələrdən biri ondan ibarət idi ki, ulu öndərin təşəbbüsü ilə Ermənistan Avropa Komissiyasının müstəqillik əldə etmiş ölkələr üçün hazırladığı TRASEKA nəqliyyat proqramından de-fakto kənarda qalmışdır.

 

Bu gün cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Qədim İpək yolunun bərpası istiqamətində görülən işlərin miqyası getdikcə genişlənməkdədir, bu çərçivədə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yollarının istifadəyə veriləcəynə əminliyini bildirmiş və bu iki nəhəng layihənin bir çox böyük ölkələri birləşdirəcəyini söyləmişdir. Bu nəqliyyat yolları arasında avtomobil yollarının da özünəməxsus yeri və rolu vardır.

 

Ulu öndər Heydər Əliyev deyirdi: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. Təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyev 2017-ci il sentyabr ayının 20-də BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında ölkəmizdə aparılan uğurlu islahatlardan danışarkən, respublikamızda son illərdə 11 min kilometr uzunluğunda müasir avtomobil yollarının çəkildiyini də xüsusi vurğulamışdır.

 

Azərbaycanın avtomobil yolları təsərrüfatında son illərdə, həqiqətən böyük islahatlar aparılmış, çoxsaylı layihələr icra edilmiş və hazırda da bu sahədə vüsətli iş aparılır. Onu da deyək ki, cənab Prezidentin 2015-ci il 28 dekabr tarixli Sərəncamı ölkəmizin avtomobil yolları təsərrüfatında iqtisadi və texniki cəhətdən çevik idarəçiliyin tətbiqinə şərait yaratmışdır. Hazırda “Azəravtoyol” ASC respublikamızda ümumi istifadədə olan 17 min 500 kilometr avtomobil yollarına, Bakı şəhərinin 1600 kilometr uzunluğunda küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən 1400-dən çox yol ötürücüsü, körpü və tunellərə xidmət göstərir. Son iki il ərzində uzunluğu 1700 kilometr olan avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 26 yeni körpü və 8 piyada keçidi tikilib istifadəyə verilmişdir.

 

Hər bir sahədə Heydər Əliyev ənənələrini davam etdirən və zənginləşdirən cənab Prezident İlham Əliyev yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə xüsusi diqqət yetirir, bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır, avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində müntəzəm iştirak edir, daim öz dəyərli tövsiyə və tapşırıqlarını verir.

 

Azərbaycanın beynəlxalq əməkdaşlıq və dostluq məkanına çevrilməsi müstəqil dövlətimizin qurucusu kimi ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin əsas hədəflərindən olmuşdur. Cənab Prezident İlham Əliyevin bu sahədəki düşünülmüş və praqmatik fəaliyyəti nəticəsində ölkəmiz Cənubi Qafqaz bölgəsinin lideri səviyyəsinə yüksəlmiş, çoxsaylı beynəlxalq forumlara, idman yarışlarına ev sahibliyi etməklə dünyada böyük rəğbət qazanmışdır. Təbii ki, dünya miqyaslı tədbirlərin təşkili üçün nümunəvi infrastrukturun, o cümlədən avtomobil yol şəbəkəsinin mövcudluğu mühüm şərtdir. Son illərdə respublikamızda və onun paytaxtı Bakı şəhərində uğurla keçirilmiş mötəbər beynəlxalq idman yarışları ilə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Təşkilat Komitəsi tərəfindən cəmiyyətimizə verilmiş bütün tapşırıqlar vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilmişdir.

 

Azərbaycanın avtomobil yolları şəbəkəsi sürətlə genişləndirilir: dövlətimizin başçısının imzaladığı 81 Sərəncama əsasən, 48 rayon və şəhər ərazisində 3,2 milyon nəfər əhalinin yaşadığı 761 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1816 kilometr olan avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinə başlanılmışdır. 2 milyon nəfər əhali yaşayan, 370 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1030 kilometr olan 56 layihənin icrası isə uğurla başa çatdırılmışdır.

 

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda ulu öndərin strateji xəttinə uyğun aparılan islahatlar nəticəsində Silahlı Qüvvələrimizin güclənməsi və ötən ilin aprelində təcavüzkara qarşı əks-həmlə əməliyyatı həyata keçirərək torpaqlarımızın bir hissəsinin işğaldan azad etməsi, bu ərazilərdə avtomobil yol infrastrukturunun da bərpası zərurətini yaratmışdır. Cəbrayıl rayonunun düşmən təhlükəsindən xilas olan Cocuq Mərcanlı kəndinə gedən 9 kilometr uzunluğunda yolun bərpası ilə bağlı dövlətimizin başçısının verdiyi Sərəncam qısa müddətdə yerinə yetirilmişdir. Bu istiqamətdə Bəhramtəpə-Horadiz-Mincivan magistral avtomobil yolunun 64 kilometrlik hissəsinin bərpası işləri də sürətlə davam etdirilir. İşğal olunmuş digər ərazilərimizin də tezliklə azad olunacağı və bu bölgələrdə avtomobil yollarının bərpasına başlanacağı günlər uzaqda deyildir.

 

Yuxarıda qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyev ölkəmizin əlverişli coğrafi mövqedə yerləşdiyini nəzərə alaraq avtomobil yolları ilə beynəlxalq yükdaşımaların həyata keçirilməsinə mühüm əhəmiyyət verirdi. Avropadan Asiyaya Azərbaycan ərazisindən keçən tranzit avtomobil yolları üzrə daşımaların həyata keçirildiyi üç əsas marşrut üzrə magistral yolların yenidən qurulması hazırda uğurla davam etdirilir. Belə ki, Şimal-Cənub dəhlizi üzrə Gəndob qəsəbəsindən Rusiya Federasiyası ilə dövlət sərhədinədək olan 69 kilometr hissənin, həmçinin uzunluğu 204 kilometr təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun dörd hərəkət zolaqlı olmaqla tikintisi 2018-ci ildə, Şərq-Qərb istiqamətində İpək Yolunun Gəncə şəhərindən keçməklə Gürcüstan ilə dövlət sərhədinədək qalan 130 kilometrlik hissəsinin dörd hərəkət zolaqlı olmaqla 2020-ci ilədək və Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 101 kilometr hissəsinin iki hərəkət zolağı əlavə edilməklə yenidən qurulması işlərinin isə cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur.

 

İnamla demək olar ki, Azərbaycandakı ictimai-siyasi sabitlik, bütün sahələrdə gedən davamlı inkişaf ulu öndər Heydər Əliyevin əsəri olan müstəqil, müasir Azərbaycanın daha da qüdrətlənməsi və zənginləşməsi üçün möhkəm təməldir. Qədirbilən xalqımız öz qüdrətli rəhbərinin - cənab İlham Əliyevin strateji xəttini dəstəkləyir və ölkəmizin Heydər Əliyev siyasi kursu ilə yeni-yeni zirvələrə yüksələcəyinə əmindir. Avtomobil yol təsərrüfatı işçiləri də ulu öndərin ideyalarına sədaqətini bundan sonra da öz əməli işləri ilə sübuta yetirməyə çalışacaqlar.

 

Saleh MƏMMƏDOV,

“Azəravtoyol” ASC-nin sədri.