Azərbaycan Respublikasında xarici investisiyalar üçün əlverişli vergi mühiti

22 Noyabr 2017- 12:49
11 Azərbaycan Respublikasında xarici investisiyalar üçün əlverişli vergi mühiti

Azərbaycan Respublikası

Makro-iqtisadi göstəricilər (2016)

Ərazisi

86,6 min km² (ərazinin 20%-i Ermənistanın işğalı altındadır)

Əhalisi (01.01.2017-ci il tarixə) 

9 810 min nəfər

Pul vahidi 

Azərbaycan manatı (AZN)

1 ABŞ dolları (cari tarixə)

https://www.cbar.az/other/azn-rates

ÜDM

60 393,6 milyon manat

o cümlədən qeyri-neft sektorunda ÜDM

36153,5 milyon manat

1 nəfərə düşən ÜDM

6266,3 manat 

Dövlət büdcəsinin gəlirləri

17 505,7 milyon manat

Dövlət büdcəsinin xərcləri 

17 751,3 milyon manat

Dövlət büdcəsinə vergi daxilolmaları

7 015,5 milyon manat

o cümlədən qeyri-neft sektoru üzrə

5 405,5 milyon manat

orta aylıq əmək haqqı

498,6 manat

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İnvestorların nəzərinə:

 

Ölkədə sahibkarlığın inkişafına əlverişli biznes mühitin yaradılması, sahibkarlıq subyektlərinin dövlət orqanlarında qeydiyyata alınması proseslərinin asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli 2458 saylı Sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin vahid dövlət qeydiyyatının aparılması Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə olunmuşdur. “Bir pəncərə” sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 2-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 2 günə endirilmişdir. Bu sistemin tətbiqindən sonra qeydiyyatdan keçən fiziki və hüquqi şəxslərin sayı xeyli artmışdır.

 

 “Doing Business 2017” hesabatına görə 2009-2016-cı illərdə Azərbaycanda aparılmış 27 islahatdan 7-si qeydiyyat sahəsi ilə, 5-i vergitutma sahəsi ilə bağlı olmuşdur. “Biznesə başlama” indikatorunda Azərbaycan üçün müəyyən edilmiş “Etalon Qanunvericiliyə Yaxınlıq” (DTF) indeksi 97,75 % təşkil etmişdir ki, bu da ölkəmizin dünyada kifayət qədər yüksək standartlara uyğun olduğunu göstərir. Bu gün ölkəmiz  “Bizne

 

2016-2017-ci illər üzrə “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz əvvəlki hesabatla müqayisədə mövqeyini 3 pillə yaxşılaşdıraraq 138 ölkə arasında 37-ci mövqeyə yüksəlmiş və bu göstərici üzrə MDB məkanında liderlik mövqeyini qoruyub saxlamışdır.

 

Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə 63 sayda elektron xidmət, o cümlədən “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması”, “Elektron vergi hesab-fakturasının qəbulu” xidmətləri göstərilir  (http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler).  Eyni zamanda, 1 aprel 2017-ci ildən başlayaraq elektron qaimə-fakturanın tətbiqinə başlanılmışdır.

 

Fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyata alınması sistemi 2011-ci ildən tətbiq olunur, yerli hüquqi şəxslərin (MMC) dövlət qeydiyyatının elektron qaydada aparılmasına 2012-ci ildən başlanılmışdır. Vergi ödəyicilərinin elektron qeydiyyatı elektron imza əsasında həyata keçirilir (https://login.e-taxes.gov.az/login/).

 

 İşəgötürənlər tərəfindən muzdlu işçilərlə bağlanılmış əmək müqavilələrinin elektron qeydiyyatına nəzarətin həyata keçirilməsi üçün 2016-cı ilin fevral ayında Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında elektron məlumat mübadiləsi haqqında Razılaşma imzalanmışdır.  

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində 129 güzəşt və azadolma mövcuddur. İnvestisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə son dövrlərdə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində vergi güzəşt və azadolmalarının sayı artmışdır.

  

Sahibkarlıq fəaliyyəti və investisiya qoyuluşları üçün nəzərdə tutulan güzəşt, azadolma və digər stimullaşdırıcı tədbirlərin əsas istiqamətləri 

 

* Həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma və əczaçılıq sahələri üzrə müvafiq olaraq Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, habelə Mingəçevir, Pirallahı və AMEA yüksək texnologiyalar parkları, həmçinin Neftçala və Masallı sənaye məhəllələri yaradılmışdır.

* Sənaye və texnologiya parklarına investisiya qoyuluşlarının stimullaşdırılması məqsədilə 1 yanvar 2013-cü il tarixdən  başlayaraq sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 7 il müddətinə sənaye və texnologiyalar parkındakı fəaliyyətlə əlaqədar mənfəət (gəlir), əmlak və torpaq vergilərindən azad edilmişdir.

Eyni zamanda, sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan şəxslər tərəfindən müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 7 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad edilmişdir.   

* Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı ƏDV-dən azaddır (2016-cı il mayın 1-dən 5 il müddətinə).

Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-yə “0” dərəcə ilə cəlb olunur (2016-cı il mayın 1-dən 5 il müddətinə).

* İnvestisiyaların təşviqinin stimullaşdırılması məqsədilə 2016-cı ildən başlayaraq investisiya təşviqi sənədini almış hüquqi şəxslərin və fərdi sahibkarların həmin sənədi aldığı tarixdən 7 il müddətinə əldə etdikləri mənfəətin (gəlirin) 50 faizi mənfəət (gəlir) vergisindən, bu fəaliyyətdə istifadə etdikləri müvafiq əmlaka görə əmlak vergisindən, istifadə etdikləri torpaqlara görə torpaq vergisindən azad edilmişdir.

Eyni zamanda, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad edilmişdir.

(İnvestisiya təşviqi sənədi - investisiya fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən verilir)

* Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyətlə əlaqədar mənfəət (gəlir), ƏDV, əmlak vergisi və sadələşdirilmiş vergidən 2019-cu ilin yanvarın 1-dək azad edilmişdir.

* 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilmişdir.

* Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər vergi orqanlarında qeydiyyata alınmadan onlar tərəfindən təyin edilən vergi agenti vasitəsilə Azərbaycan Respublikasında vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə seçim hüquqları vardır.

* Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il tarixli 811 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. Ödənilən  ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.

* “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının 13 iyun 2013-cü il tarixli 687-IVQ nömrəli Qanununda (http://e-qanun.az/framework/26154) gömrük sərhədindən keçirilən malların gömrük rüsumuna cəlb olunması üzrə 20 istiqamətdə azadolma nəzərdə tutulmuşdur. Eyni zamanda Qanuna əsasən istehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti konkret sahənin inkişafını təmin etmək məqsədi ilə istehsal təyinatlı xammalın və müasir texnologiyanı təmin edən avadanlığın idxalına konkret dövr üçün nəzərdə tutulan tarif güzəştləri tətbiq edə bilər.

* Azərbaycan Respublikası 53 dövlətlə ikiqat vergitutmanın aradan qaldırılması haqqında ikitərəfli müqavilələr imzalamış, onlardan 49-u qüvvəyə minmiş və tətbiq olunmaqdadır. Bununla yanaşı, Danimarka, İspaniya, İsrail və İordaniya ilə imzalanmış analoji sənədlərin qüvvəyə minməsi üçün müvafiq prosedurlar bitdikdən sonra qüvvəyə minəcəkdir. 10 ölkə ilə ikitərəfli və 2 çoxtərəfli “Vergi qanunvericiliyinə əməl olunması üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişlər imzalanmışdır. 7 ölkə ilə ikitərəfli və 1 çoxtərəfli “Vergi cinayətlərinə qarşı  mübarizədə əməkdaşlıq haqqında” Sazişlər imzalanmışdır. 8 ölkə ilə ikitərəfli “Əməkdaşlıq haqqında” Sazişlər imzalanmışdır.

* Hasilatın Pay Bölgüsü Haqqında Sazişlərə (HPBHS) əsasən 1994-cü ildən etibarən neft qaz sahəsi üzrə xüsusi vergi rejimi tətbiq edilməyə başlanılıb ki, hal-hazırda ümumilikdə qüvvədə olan 23 sazişlə xüsusi vergi rejimində fəaliyyət göstərən vergi ödəyicilərinə yalnız mənfəət vergisi istisna olmaqla digər vergilərə güzəştlər müəyyən olunmuşdur.

* Azərbaycan Respublikasının ərazisində xarici investisiya qoyuluşunun qorunması məqsədilə “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının 15 yanvar 1992-ci il tarixli 57 nömrəli Qanunu (http://e-qanun.az/framework/7000) qəbul olunmuşdur. Qanun ölkə iqtisadiyyatında xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl xarici texnikanın və texnologiyanın, idarəetmə təcrübəsinin cəlb olunmasına, bunlardan səmərəli istifadə edilməsinə yönəlmişdir və xarici investorların hüquqlarının müdafiəsinə təminat verir. Eyni zamanda, “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 13 yanvar 1995-ci il tarixli Qanununa (http://e-qanun.az/framework/9367) əsasən Azərbaycan dövləti investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinə, onun subyektlərinin hüquqlarının və qanuni mənafelərinin, həmçinin mülkiyyət formasından asılı olmayaraq bütün investisiyaların, o cümlədən xarici investisiyanın qorunmasına təminat verir. Azərbaycan Respublikasının sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə investisiya fəaliyyətinə dair bağlanmış müqavilədə nəzərdə tutulan müddətdə investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir.

Azərbaycan Respublikası ərazisində investisiya əvəzsiz milliləşdirilmir, rekvizisiya edilmir və onlara nəticələrinə görə digər oxşar tədbirlər tətbiq olunmur. Belə tədbirlər investorlara vurulmuş zərərin, o cümlədən itirdikləri faydanın əvəzi tam həcmdə real dəyər üzrə ödənilməklə yalnız Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası ilə 47 ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında ikitərəfli saziş imzalanmışdır.

Eyni zamanda ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində son dövrlərdə görülmüş işlər çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2015-ci ilin 1 noyabr tarixindən 2 (iki) il müddətinə dayandırılmış, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayı azaldılmış, onların verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmiş, elektron gömrük xidmətləri genişləndirilmiş, vergi inzibatçılığı daha da təkmilləşdirilmiş, sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması sahəsində tələblər asanlaşdırılmış, həmçinin investisiyaların və ixracın təşviqi, yerli istehsalın dəstəklənməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalının stimullaşdırılması, ümumilikdə sahibkarlıq fəaliyyətinə göstərilən dövlət dəstəyinin daha da genişləndirilməsi ilə bağlı sistemli islahatlar həyata keçirilmişdir.  

 

Tətbiq olunan vergilər

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasında  aşağıdakı vergilər tətbiq edilir:

-  dövlət vergiləri;

-  muxtar respublika vergiləri;

-  yerli vergilər (bələdiyyə vergiləri).

 

Dövlət vergiləri dedikdə, Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində  ödənilməli olan vergilər nəzərdə tutulur.

 

Muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında  Vergi Məcəlləsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.

 

Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə,  Vergi Məcəlləsində və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur.
 

Dövlət vergilərinə aiddir:

  1. fiziki şəxslərin gəlir vergisi;
  2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa);
  3. əlavə dəyər vergisi;
  4. aksizlər;
  5. hüquqi şəxslərin əmlak vergisi;
  6. hüquqi şəxslərin və təyinatı üzrə istifadə olunmayan kənd təsərrüfatı torpaqları üzrə fiziki şəxslərin torpaq vergisi;
  7. yol vergisi;
  8. mədən vergisi;
  9. sadələşdirilmiş vergi
  10.  

Dövlət vergiləri Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir.

 

Muxtar respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan dövlət vergiləri aiddir. Naxçıvan Muxtar Respublikasında tutulan dövlət vergiləri muxtar respublikanın büdcəsinə ödənilir

 

Yerli vergilərə (bələdiyyə vergilərinə) aiddir:

  1. Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;
  2. fiziki şəxslərin əmlak vergisi;
  3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
  4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Yerli vergilər yerli (bələdiyyə) büdcəyə ödənilir.

 

Azərbaycan Respublikasında tutulan 2 vergi növü - əlavə dəyər vergisi və aksizlər dolayı vergilərə, qalan 7 vergi növü isə birbaşa vergilərə aiddir.

 

Fiziki şəxslərin gəlir vergisi

Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

 

Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb edilən gəlirləri üzrə, daimi nümayəndəliyi olmayan qeyri-rezident vergi ödəyicisi isə xərcləri nəzərə alınmadan ümumi gəliri üzrə gəlir vergisinin ödəyicisidir.

 

Qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq sahibkarlıq fəaliyyəti göstərməsi daimi nümayəndəlik vasitəsilə həyata keçirilən fəaliyyət sayılır.

 

Fiziki şəxslərin aylıq gəlirindən, o cümlədən muzdlu işlə əlaqədar gəlirindən   aşağıdakı cədvələ uyğun olaraq vergi tutulur:  

 

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2500 manatadək

14 faiz

2500 manatdan çox olduqda

350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

 

 

 Fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən olan illik gəlirindən aşağıdakı cədvələ uyğun olaraq vergi tutulur:

 

Vergi tutulan illik gəlirin məbləği

Verginin məbləği

30000 manatadək

14 faiz

30000 manatdan çox olduqda

4200 manat + 30000 manatdan çox olan məbləğin 25 faizi

 

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən (gəlirlə gəlirdən çıxılan xərc arasındakı fərqdən) 20 faiz dərəcə ilə vergi tutulur.

 

Qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi  ilə bağlı olmayan  ümumi gəlirindən   Vergi  Məcəlləsinin 125-ci maddəsində göstərilən dərəcələrlə vergi tutulur.

 

Xüsusi notariusun gəlirindən və idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (oyuna qoyulan pul çıxılmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

 

Vergi Məcəlləsinin 102-ci maddəsində gəlir vergisindən 45 sayda güzəşt və azadolma nəzərdə tutulmuşdur.

 

 Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün gəlir vergisinin hesabat dövrü təqvim ilidir.

 

Mənfəət vergisi

Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisinin ödəyiciləridir.

 

Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir (vergi ödəyicisinin  gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq).

 

Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, daimi nümayəndəliyi olmayan qeyri-rezident müəssisəsi isə ümumi gəlirindən (xərclər çıxılmadan) vergi ödəyir.

 

Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Mənfəət vergisinin hesabat dövrü təqvim ilidir.

 

Qeyri-rezidentin daimi nümayəndəliyinin fəaliyyəti ilə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən (ƏDV və aksizlər çıxılmaqla) Vergi  Məcəlləsinin 125-ci maddəsində göstərilən dərəcələrlə vergi tutulur.

 

Vergi Məcəlləsinin 106-cı maddəsində mənfəət vergisindən 18 sayda güzəşt və azadolma nəzərdə tutulmuşdur.

 

Əlavə dəyər vergisi

Əlavə dəyər vergisi (ƏDV) - vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

 

 ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisi sayılır.

 

Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200 000 manatdan artıq olan şəxslər, o cümlədən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. O cümlədən bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200 000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

 

 Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər, aksizli malların istehsalçıları və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər vergi tutulan əməliyyatların həcmindən asılı olmayaraq ƏDV-nin ödəyiciləri sayılır.

 

ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə ƏDV-nin ödəyicisi sayılır.

 

Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsiAzərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.

 

ƏDV 18 % və 0 % dərəcələrlə tətbiq olunur. ƏDV-nin hesabat dövrü təqvim ayıdır.

 

Hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur.

 

Əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

 

Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq verginin əvəzləşdirilməsinə əsas verir.

 

Vergi Məcəlləsinin 164-cü maddəsində 37 sayda ƏDV-dən azadolma və 165-ci maddəsində 6 sayda ƏDV-yə 0% ilə cəlb olunma halları nəzərdə tutulmuşdur.

 

Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən malların və 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı ƏDV-yə 0% ilə cəlb olunur.

 

Aksizlər

Aksiz Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan tutulur.

 

Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər aksizin ödəyiciləridirlər.

 

Aşağıdakı mallar aksizli mallara aid edilir:

-  içməli spirt, pivə və spirtli içkilərin bütün növləri;

-  tütün məmulatları;

-  neft məhsulları;

-  minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);

-  istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr;

-  idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;

-  idxal olunan xəz-dəri məmulatları.

 

Azərbaycanda istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

spirt - 2 manat/litr, pivə (alkoqolsuz pivə istisna olmaqla) - 0,2 manat/litr, araq - 2 manat/litr, konyak- 6 manat/litr şərab - 0,1 manat/litr, şampan şərabı - 2,5 manat/litr, siqarlar - 10 manat/1000 ədəd, siqaretlər - 4 manat/1000 ədəd.

 

İdxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə, habelə idxal olunan platinə, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza, xəz-dəri məmulatlarına aksiz dərəcələri Vergi Məcəlləsinin 190.4-cü maddəsində müəyyən edilmişdir.

 

İdxal olunan neft məhsullarına və tütün məmulatlarına tətbiq olunan aksiz dərəcələri Azərbaycan Respublikasının  Nazirlər Kabinetinin 29.01.2015-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq olunmuşdur.

 

İstehsal olunan neft məhsullarına tətbiq olunan aksiz dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06.02.2014-cü il tarixli 35 nömrəli Qərarı, minik avtomobillərinə və istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə 29.05.2007-ci il tarixli 85 nömrəli Qərarı ilə müəyyən olunmuşdur.

 

Fiziki şəxsin fərdi istehlakı üçün üç litr alkoqollu içkinin, 600 ədəd siqaretin, 20 qram  qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq, Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar, malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı aksizlərdən azad edilmişdir.

 

Vergi Məcəlləsinin 188-ci maddəsində aksizlər üzrə 4 sayda azadolma nəzərdə tutulmuşdur.

 

Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.

 

Aksizli malların istehsalçıları üçün hesabat dövrü təqvim ayıdır.

 

Əmlak vergisi

Balansında əsas vəsaitləri olan müəssisələr və xüsusi mülkiyyətində tikililəri (binası), su və hava nəqliyyatı vasitələri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir.

 

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri (binaları) və yerindən, istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri,  müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyektidir.

 

Fiziki şəxslərə məxsus binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən Vergi Məcəlləsinin 198.1.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə, mühərriki olan su, hava nəqliyyatının mühərrikinin 1 kub. sm üçün 0,02 manat, mühərriksizlər üçün onların bazar qiymətinin 1%-i qədər əmlak vergisi hesablanır.  

 

Müəssisələrin balansında olan əsas vəsaitlərə görə əmlak vergisi əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1 % dərəcə ilə hesablanır.

 

Fiziki şəxslərə məxsus əmlaklara görə əmlak vergisi əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır və yerli (bələdiyyə) büdcəyə ödənilir.

 

Müəssisələr tərəfindən hesablanan əmlak vergisi isə dövlət büdcəsinə ödənilir.

 

Əmlak vergisinin hesabat dövrü təqvim ilidir.

 

Vergi Məcəlləsinin 199-cu maddəsində əmlak vergisindən 13 sayda güzəşt və azadolma nəzərdə tutulmuşdur.

 

Torpaq vergisi

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

 

Təyinatı üzrə istifadə olunan və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə olunması mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqları üçün torpaq vergisinin dərəcəsi torpağın coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyən olunan şərti balları üzrə- 1 şərti bal üçün 0,06 manat (respublikanın inzibati rayonları üzrə şərti ballar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.12.2000-ci il tarixli 230 nömrəli Qərarı ilə təsdiq olunmuşdur)  həcmində müəyyən edilir.

 

Təyinatı üzrə istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə verginin dərəcəsi hər 100 kv.m üçün 2 manat, digər təyinatlı torpaqların hər 100 kv.m üçün yerləşdiyi ərazidən və torpaqdan hansı məqsədlə istifadə edilməsindən asılı olaraq Vergi Məcəlləsinin 206.3-cü maddəsi ilə müəyyən olunur.

 

Torpaq vergisi illik olaraq hesablanır. Müəssisələr və Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

 

Müəssisələr üçün torpaq vergisinin hesabat dövrü təqvim ilidir.

 

Vergi Məcəlləsinin 207-ci maddəsində torpaq vergisindən 8 sayda güzəşt və azadolma nəzərdə tutulmuşdur.

 

Yol vergisi

Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

 

Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir

 

Xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün yol verisinin dərəcələri avtomobilin növündən, oxa düşən çəkisindən, ölkədə qalma müddətindən və s. amillərdən asılı oıaraq  Vergi Məcəlləsinin 211.1-ci maddəsində müəyyən olunmuşdur.

 

İstehsal edilərək daxili istehlak üçün ay ərzində topdan satılan və  ölkəyə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə 0,02 manat miqdarında yol vergisi ödənilir.

 

Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalçıları üçün yol vergisinin hesabat dövrü təqvim ayıdır.
 

Mədən vergisi

Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.

 

Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar mədən vergisinin vergitutma obyektinə aiddir.

 

Yerin təkindən çıxarılan faydalı qazıntıların növündən asılı olaraq mədən vergisinin dərəcələri Vergi Məcəlləsində aşağıdakı kimi müəyyən olunur:

-  neftin  topdansatış qiymətindən 26 %

-  təbii qazın topdansatış qiymətindən 20 %

-  filizlərin topdansatış qiymətindən 3 %

-  qeyri-filizlər üçün faydalı qazıntıların növündən asılı olaraq hər kubmetr üçün Vergi Məcəlləsinin 216.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə.

 

Yerli əhəmiyyətli tikinti materiallarına aid edilən kərpic-kiramid gilləri, tikinti qumları və çınqıl xammalı üzrə hesablanan mədən vergisi onların çıxarıldığı ərazinin bələdiyyəsinin büdcəsinə (yerli büdcəyə) ödənilir. Digər faydalı qazıntılar üzrə mədən vergisi dövlət büdcəsinə ödənilir.  

 

Mədən vergisinin hesabat dövrü təqvim ayıdır.
 

Sadələşdirilmiş vergi

Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:

- ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər. Bu şəxslər sadələşdirilmiş vergini hesabat rübü üzrə malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə olunan hasilatın və satışdankənar gəlirin ümumi məbləğindən Bakı şəhərində 4%, digər şəhər və rayonlarda və Naxçıvan MR-da 2% dərəcə ilə ödəyirlər:

- vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Ticarət fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergini hesabat rübü üzrə əldə olunan hasilatın və satışdankənar gəlirin ümumi məbləğindən  6%, iaşə fəaliyyəti ilə məşğul olan şəxslər  8% dərəcə ilə ödəyirlər;

- bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər. Bu şəxslər sadələşdirilmiş vergini tikilən binanın hər kv.m üçün 45 manat və binanın yerləşdiyi ərazidən asılı olaraq Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən tətbiq olunan əmsallar nəzərə almaqla ödəyirlər. Verginin tam məbləği tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablanır və bərabər hissələrlə 10 rüb ərzində ödənilir;

 

Aşağıda göstərilən şəxslər istənilən halda sadələşdirilmiş verginin ödəyici sayılır: 

- mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) sərnişin və yük daşımalarını həyata keçirən şəxslər. Bu şəxslər sadələşdirilmiş vergini Vergi Məcəlləsinin 220.5-ci maddəsində daşımanın növündən asılı olaraq müəyyən olunmuş aylıq vergi məbləği və Məcəllənin 220.6-cı maddəsində fəaliyyətin yerindən asılı olaraq müəyyən olunmuş əmsallar nəzərə alınmaqla ödəyirlər. Vergi bəyannamə verilmədən ay ərzində fəaliyyətin həyata keçirilməsinə icazə verən “Fərqlənmə nişanı”  alınmaqla ödənilir;

- idman mərc oyunlarının operatoru və satıcıları olan şəxslər. İdman mərc oyunlarının operatoru oyun iştirakçılarından rüb ərzində qəbul edilmiş pul vəsaitindən 6%, satıcı isə   operatorun rüb ərzində ona verdiyi komisyon haqdan 4% dərəcə ilə sadələşdirilmiş vergi ödəyir;

- mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər. Yaşayış və qeyri-yaşayış sahələri təqdim edilərkən daşınmaz əmlakın sahəsinin hər kv.m üçün 15 manat və Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən tətbiq olunan əmsallar nəzərə alınmaqla hesablanan vergi notariuslar tərəfindən tutularaq dövlət büdcəsinə ödənilir; 

- mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər. Torpaq sahəsi təqdim olunarkən kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sadələşdirilmiş vergi təyinatı üzrə istifadə olunan və ya təyinatı üzrə istifadə olunması mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlar üçün hesablanan torpaq vergisinin 2 misli həcmində, digər torpaqların hər kv.m üçün 0,5 manat və Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən tətbiq olunan əmsallar nəzərə alınmaqla hesablanan vergi notarius tərəfindən tutulur və dövlət büdcəsinə ödənilir;

- Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər. Bu şəxslər fəaliyyətin növündən və həyata keçirildiyi yerdən asılı olaraq əmsallar nəzərə alınmaqla hesablanan sabit aylıq vergi məbləğini hər ay dövlət büdcəsinə ödəyirlər. Ödənilmiş verginin müqabilində fəaliyyətin həyata keçirilməsinə icazə verən müvafiq qəbz alınır və bununla bağlı vergi orqanına bəyannamənin verilməsi tələb olunmur.

 

Sadələşdirilmiş vergini ödəyən hüquqi və fiziki şəxslər mənfəət (gəlir) vergisinin və ƏDV-nin ödəyicisi sayılmır.

 

Vergi Məcəlləsinin 218-ci maddəsində sadələşdirilmiş vergidən 4 sayda azadolma nəzərdə tutulmuşdur.