“40 yol” layihəsi uğurla icra edilir - Hədəf bütün yolların yenilənməsidir

23 Oktyabr 2017- 15:06
11 “40 yol” layihəsi uğurla icra edilir - Hədəf bütün yolların yenilənməsidir

Hədəf isə bir neçə il ərzində ölkədə bütün yolların yenilənməsidir

 

Son illərdə Azərbaycanda 11 min kilometr uzunluğunda yollar çəkilib. Prezident İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli sərəncamı ölkənin avtomobil təsərrüfatında qarşıya çıxan texniki və iqtisadi məsələlərin daha çevik həllinə güclü təkan verib. 


Həmin sərəncamdan keçən dövr ərzində ümumi uzunluğu 1700 kilometr olan avtomobil yolları, prospekt və küçələri əhatə edən yollar çəkilib, yenidən qurulub və təmir edilib. Respublikanın avtomobil yollarında və Bakı şəhərində 26 yeni körpü salınıb və 8 piyada keçidi tikilib. 


Yol infrastrukturunun müasirləşməsinin ölkənin sosial-iqtisadi inkişafındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyevin bu dövr ərzində yol və yol qurğularının açılışı, təməlqoyma və görülmüş işlərlə tanışlıq məqsədilə 51 tədbirdə iştirak etməsi şərhə ehtiyacı olmayan faktdır.


Nazirlər Kabinetinin hələ 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirmişdir: “Bu il 40 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Yəni 40 layihə, ən azı 40 kənd yolu layihəsi, - əlbəttə ki, kəndlərin sayı daha çox olacaq, çünki hər bir layihə bir neçə kəndi birləşdirir, - ən azı 40 layihə bu il icra ediləcək və lazımi səviyyədə vəsait də bu məqsədlər üçün ayrılacaq. Bu, həm insanların rahatlığı deməkdir, həm də kənd təsərrüfatının inkişafı üçün lazımdır”. 


İndi, il artıq sona yaxınlaşanda həyata keçirilmiş işlərin nə qədər genişmiqyaslı olduğu aydın görünür. İlin əvvəlindən onlarca yolun, yol qovşağının, körpü və keçidlərin açılışı olub. Onların bir çoxunda dövlət başçısı şəxsən iştirak edib.


Yeni yolların bir neçəsini misal göstərmək kifayətdir. Martın 28-də Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub. Bu yol 51 min nəfərdən çox sakini olan 19 yaşayış məntəqəsini birləşdirir. Bunlar əhalisi kənd təsərrüfatı ilə məşğul olan yaşayış məntəqələridir. Odur ki, bu yolun istifadəyə verilməsi təkcə sərnişinlərin rahatlığına deyil, həm də müxtəlif kənd təsərrüfatı məhsullarının bazara daha tez və rahat çatdırılmasına xidmət edir. Yolun uzunluğu 39 kilometr, eni 10 metrdir. 


Açılışı olmuş belə yollardan biri də Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qorağan-Qax hissəsidir. Yolun bu hissəsinin əsaslı şəkildə yenidən qurulması işləri uğurla və yüksək keyfiyyətlə başa çatdırılıb. Layihənin başlanğıcı Qorağan-Qax-Zaqatala yolunun 14-cü kilometri, yəni Qax şəhərinin girişi, sonu isə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Uzunluğu 29,8 kilometr olan 8,6 kilometrlik hissədə tikinti işləri tam yekunlaşıb. Qorağan-Qax yolunun tikintisi layihəsi çərçivəsində 5 yeni körpünün inşası, bir körpünün əsaslı təmiri, suötürücü boruların quraşdırılması da nəzərdə tutulub. 


Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Bu yol turizmin inkişafına xidmət etməklə yanaşı, Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq. 


Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolu layihəsi sözügedən 40 layihədən biridir. Uzunluğu 18 kilometr olan avtomobil yolunun yenidən qurulması başa çatdırılıb. Layihə çərçivəsində yolda torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək bərkitmə işləri görülüb. 


Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasında yerləşən hissəsinin yenidən qurulması işləri də yekunlaşıb. Bu hissənin uzunluğu 16,5 kilometrdir. Yol üçüncü texniki dərəcədən ikinciyə uyğun yenidən qurulub. Yol yatağının eni genişləndirilib. 


Vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub.


Bu il oktyabrın 2-də Qobustan və Şamaxı rayonlarında bir neçə yeni yolun açılışı həyata keçirilib. Bunlardan biri Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsidir. Bu hissə 46 kilometrdən ibarətdir. Eni 27,5 kilometr olan yol boyu 16 yeraltı və 6 yerüstü piyada keçidi tikilib. Bu da həm sürücülərin rahatlığına, həm də piyadaların təhlükəsizliyinə xidmət edir. 


Yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolu Şamaxı rayonunun dağlıq ərazisində yaşayan kənd camaatına böyük töhfədir. Belə ki, 8 kilometr uzunluğunda olan bu yol 1,6 min nəfər əhalisi olan 5 kəndi birləşdirir, yük və sərnişin daşınması üçün rahatlıq yaradır. 


Təklə-Sündü-Xilmilli avtomobil yolu isə 6 kəndi birləşdirir. Bu kəndlərdə 15 min nəfərdən çox insan yaşayır. Ümumi uzunluğu 17 kilometrdən çox olan yolda suötürücü borular, avtobus dayanacağı quraşdırılıb. 


Şamaxı-Çöl Göylər və Padar avtomobil yolunun çəkilişi də başa çatdırılıb. Bu yol Aran və Dağlıq Şirvan iqtisadi rayonları arasında əlaqə yaradaraq 53 kilometrlik ümumi məsafə boyu uzanır. 
Son dövrlərdə bölgələrdə görülən işlər bir-birinə sıx bağlıdır və ümumilikdə sosial-iqtisadi inkişafa xidmət edir. İstifadəyə verilən yeni yollar da kənd əhalisinin təkcə gediş-gəlişinin rahatlığı üçün deyil, həm də onların iqtisadi durumunun yaxşı olması, məsələn, yetişdirdikləri məhsulları bazarlara tez və itkisiz çatdırması üçündür. Bu, eləcə də turizmin inkişaf üçün potensialı böyük olan ərazilərə yerli və xarici turistlərin daha çox meyil etməsi ilə nəticələnəcək.


Bu il həmçinin Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışı olub. Bu yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Bundan əlavə, Gədəbəy rayonunun ərazisində Qızıltorpaq-Ağbaşlar avtomobil yolunun, eləcə də Novosaratovka-Çobankənd-Novoivanovka kəndlərarası yolların tikintisi başa çatdırılıb. 


Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən 9 kilometr uzunluğunda yolun bərpasının başa çatdırılması isə təkcə bölgənin sakinlərinin deyil, bütün Azərbaycan xalqının sevincinə səbəb olub. Bu istiqamətdə Bəhramtəpə-Horadiz-Mincevan magistral yolunun 64 kilometrlik hissəsinin bərpası işləri də sürətlə davam etdirilir. 


Hazırda regionların sosial-iqtisadi inkişafına yönəldilən üçüncü Dövlət Proqramına (2014-2018-ci illər) uyğun olaraq bir çox bölgələrimizdə yol layihələrinin həyata keçirilməsi davam edir. Məsələn, Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı işlər gedir. Prezidentin imzaladığı sərəncama əsasən, bu yolun təmirinə 23,3 milyon manat vəsait ayrılacaq. 


Dövlət başçısı yol tikintisinə xüsusi diqqət ayıraraq lazım gəldikcə bu istiqamətdə yeni müvafiq sərəncamlar verir. Məsələn, bu il avqustun 17-də imzalanmış sərəncama əsasən, Ağsu rayonunun 8 min nəfər əhalisi olan 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinin başa çatdırılması üçün dövlət büdcəsindən vəsait ayrılıb.


Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun əsaslı təmir olunmasına da zərurət yaranmışdır. Prezident İlham Əliyev bu avtomobil yolunun 100,7 min nəfər əhalinin yaşadığı iki rayonun inzibati ərazisindən keçən, 16 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 35 kilometr olan Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. 


Paytaxtda yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi, sürücülərin və piyadaların rahatlığının təmin olunması istiqamətində xeyli iş görülüb. Buna misal kimi Yusif Səfərov küçəsinə paralel, şəhər mərkəzinə doğru salınan yeni yolu, həmçinin Bakıya daxil olmadan Sumqayıtdan keçməklə Abşeron yarımadasının şimal və şimal-şərq hissəsində yerləşən qəsəbələrə çıxışı təmin edən və inşası yekunlaşan dənizkənarı Novxanı-Pirşağı yolunu göstərmək olar. 


Nazirlər Kabinetinin ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev nəzərdə tutulmuş layihələrin icrasının ilin sonunadək başa çatdırılacağını bildirmişdir. Cəlilabad-Yardımlı yolunun tam istifadəyə verilməsi ilə bağlı lazımi tədbirlərin görüldüyünü, Şamaxını Lahıcla birləşdirən yolla bağlı məsələnin öz həllini tapdığını, Göygölə gedən yolun tam təmir olunduğunu qeyd etmişdir. 
Dövlət başçısı eləcə də kənd yolları probleminin həllində müəyyən edilmiş hədəf haqqında da məlumat vermişdir: “Biz gələn il bu ilə nisbətən daha çox kəndi yeni yollarla təmin edəcəyik. Baxmayaraq ki, bu il də yüzlərlə kəndə yol salınıb. Bu proses hələ neçə il bundan sonra da davam etməlidir, o vaxta qədər ki, bizim bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmasın”.

 

Flora SADIQLI,
“Azərbaycan”