II Nügədi-Rustov avtomobil yolu əsaslı şəkildə təmir olunur - FOTO

11 Oktyabr 2017- 12:16
11 II Nügədi-Rustov avtomobil yolu əsaslı şəkildə təmir olunur - FOTO

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir.

 

Bu çərçivədə Quba rayonu II Nügədi-Rustov avtomobil yolunun əsaslı şəkildə təmiri işlərinə başlanılıb. 

 

II Nügədi-Rustov avtomobil yolunun uzunluğu 8 km, hərəkət hissəsinin eni isə 7 m təşkil edir.

 

Təmir-tikinti işləri çərçivəsində yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənara daşınır.

 

Yolun hərəkət hissəsi hazır olan yerlərə yeni 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə yolun 50 min m2-dən çox sahəsinin asfaltlanması nəzərdə tutulub.

 

Aparılan işlər zamanı Rustov kəndinin girişində, Caqacuq çayı üzərində yerləşən və 110 metr uzunluğa malik avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub. Təmir işləri zamanı körpüyə beton məhəccərlər quraşdırılacaq, piyada səkisi ilə yolun hərəkət hissəsini ayırmaq məqsədi ilə xüsusi beton bordyurlar quraşdırılacaq, körpüdə əlavə bərkitmə işləri görüləcək və üstü asfaltlanacaq.

 

Bütün işlər texnloji ardıcıllığa riayət edilməklə “Azəravtoyol” ASC rəhbərliyinin nəzarəti altında həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Təmir-tikinti işləri bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanması xətləri çəkiləcək.

 

Qeyd edək ki, sözügedən avtomobil yolunun əsaslı şəkildə təmiri ilə 5 yaşayış məntəqəsinin (II Nügədi, Püstəqasım, Dəhnə, Güneyməhlə və Rustov kəndləri) təqribən 12 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.