Nazirlər Kabinetinin iclasında Saleh Məmmədov hesabat məruzəsi ilə çıxış edib - VİDEO

10 Oktyabr 2017- 11:00
11 Nazirlər Kabinetinin iclasında Saleh Məmmədov hesabat məruzəsi ilə çıxış edib - VİDEO

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədovun hesabat məruzəsi 

 

– Möhtərəm cənab Prezident.

İcazənizlə, çıxışımı müstəqil dövlətimizin banisi və qurucusu ulu öndər Heydər Əliyevin kəlamı ilə başlayım. Ümummilli Liderimiz deyirdi: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”.

 

Məhz bunun bariz nümunəsidir ki, 2017-ci ilin sentyabr ayının 20-də BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışınızda ölkəmizdə aparılan uğurlu islahatlardan danışarkən, respublikamızda son illərdə 11 min kilometr uzunluğunda müasir avtomobil yolları çəkilməsini xüsusi olaraq vurğuladınız.

 

Möhtərəm cənab Prezident, Sizin 2015-ci il 28 dekabr tarixli Sərəncamınız Azərbaycanın avtomobil yolları təsərrüfatında qarşıya çıxan iqtisadi və texniki məsələlərin daha çevik həllinə güclü təkan verib.

 

İcazənizlə diqqətinizə çatdırım ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikanın ümumi istifadədə olan 17 min 500 kilometr avtomobil yollarına, Bakı şəhərinin 1600 kilometr uzunluğunda küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən 1400-dən çox yol ötürücüsü, körpü və tunellərə xidmət göstərilir.

 

Yuxarıda qeyd edilən Sərəncamınızdan keçən dövr ərzində uzunluğu 1700 kilometr olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 26 yeni körpü və 8 piyada keçidi tikilib.

 

Siz, həmçinin yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək, bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanmısınız, bu dövr ərzində 51 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edərək, öz dəyərli tövsiyə və tapşırıqlarınızı vermisiniz.

 

İdman ölkəsi kimi tanınan respublikamızda və onun paytaxtı Bakı şəhərində uğurla keçirilmiş mötəbər beynəlxalq idman yarışları ilə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Təşkilat Komitəsi tərəfindən bu dövr ərzində cəmiyyətimizə verilmiş bütün tapşırıqlar da vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilib.

 

Möhtərəm cənab Prezident, bu ilin yanvar ayında Sizin sədrliyinizlə keçirilən 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda kəndlərarası 40 avtomobil yolu layihəsinin həyata keçirilməsi məsələləri kollektivimiz qarşısında mühüm tapşırıq kimi qoyulub.

 

Sizin imzaladığınız 81 Sərəncama əsasən, 48 rayon və şəhər ərazisində 3,2 milyon nəfər əhalinin yaşadığı 761 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1816 kilometr olan avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinə başlanılıb.

 

Diqqətinizə çatdırmaq istəyirəm ki, bu günə kimi, Cəmiyyətimiz tərəfindən 2 milyon nəfər əhali yaşayan, 370 yaşayış məntəqəsini birləşdirən uzunluğu 1030 kilometr olan 56 layihənin icrası uğurla başa çatdırılıb.

 

Cənab Prezident, Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2016-cı ilin aprelində düşmənin nəzarəti altında olan torpaqlarımızın bir hissəsinin azad edilməsi nəticəsində yaşamaq üçün təhlükəsiz əraziyə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən 9 kilometr uzunluğunda yolun bərpası ilə bağlı 2017-ci il 10 fevral tarixli Sərəncamınız uğurla yerinə yetirilib və iyunun 14-də Sizin iştirakınızla yolun açılış mərasimi keçirilib. Tapşırığınıza uyğun olaraq, bu istiqamətdə Bəhramtəpə-Horadiz-Mincivan magistral avtomobil yolunun 64 kilometrlik hissəsinin bərpası işləri də sürətlə davam etdirilir və cari ilin sonunda başa çatdırılacaq.

 

Arzu edirik ki, işğal olunmuş digər ərazilərimiz də tezliklə azad olunsun və bu bölgələrin yollarının bərpası ilə bağlı tərəfinizdən növbəti sərəncamlar imzalansın.

 

Möhtərəm cənab Prezident, bildiyiniz kimi, ölkəmiz avtomobil yolları ilə beynəlxalq yükdaşımaların həyata keçirildiyi mühüm coğrafi mövqedə yerləşir. Avropadan Asiyaya Azərbaycan ərazisindən keçən tranzit avtomobil yolları üzrə daşımalar üç əsas marşrut üzrə həyata keçirilir. Sizin tapşırığınıza uyğun olaraq, bu marşrutlar üzrə yerləşən magistral yolların yenidən qurulması uğurla davam etdirilir.

 

Diqqətinizə çatdırmaq istəyirəm ki, Şimal-Cənub dəhlizi üzrə Gəndob qəsəbəsindən Rusiya Federasiyası ilə dövlət sərhədinədək olan 69 kilometr hissənin, həmçinin uzunluğu 204 kilometr təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun dörd hərəkət zolaqlı olmaqla tikintisi 2018-ci ildə, Şərq-Qərb istiqamətində İpək Yolunun Gəncə şəhərindən keçməklə Gürcüstan ilə dövlət sərhədinədək qalan 130 kilometrlik hissəsinin dörd hərəkət zolaqlı olmaqla 2020-ci ilədək Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 101 kilometr hissəsinin iki hərəkət zolağı əlavə edilməklə yenidən qurulması işlərinin isə cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

 

Cənab Prezident, işsizliyin aradan qaldırılması istiqamətində Sizin tapşırığınıza uyğun olaraq, 2016-cı ildə Cəmiyyətimizdə 2300 yeni iş yeri yaradılıb, bu iş yerlərinə əksəriyyəti məcburi köçkün və qaçqınlardan ibarət olan vətəndaşlar qəbul edilib ki, bu gün də onlar əmək fəaliyyətlərini uğurla davam etdirirlər.

 

Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq, Bakı şəhərində nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan bəzi yerlər bizim və aidiyyəti qurumların iştirakı ilə aşkar edilərək tıxaclar aradan qaldırılıb, bu məqsədlə yeni yollar tikilib. Buna misal olaraq Yusif Səfərov küçəsinə paralel, şəhər mərkəzinə doğru salınan yeni yolu, həmçinin Bakı şəhərinə daxil olmadan Sumqayıt şəhərindən keçməklə Abşeron yarımadasının şimal və şimal-şərq hissəsində yerləşən qəsəbələrə çıxışı təmin edən və inşası yekunlaşan dənizkənarı Novxanı-Pirşağı yolunu göstərmək olar. Bu çərçivədə aidiyyəti qurumlarla birgə işlərimiz uğurla davam etdirilir.

 

Cənab Prezident, çıxışımın sonunda Sizi bir daha əmin edirəm ki, kollektivimiz Azərbaycan xalqının həyat səviyyəsinin yüksəldilməsi və müstəqil Azərbaycanın iqtisadi cəhətdən çiçəklənməsinə xidmət edən ən çətin və mürəkkəb yol-tikinti layihələrini bundan sonra da rəhbərliyiniz altında uğurla yerinə yetirməyə daim hazırdır.

 

Diqqətinizə görə minnətdaram.