Daha bir ərazidə rahat gediş-gəliş təmin olunub - FOTO

6 Oktyabr 2017- 10:48
11 Daha bir ərazidə rahat gediş-gəliş təmin olunub - FOTO

Avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yol təmir edilib.

 

Təmir işləri “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 m-lik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 m-lik məsafəni əhatə edib.

 

Sözügedən ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb və yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə işlər görülüb.

 

Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə təmir işlərinin aparıldığı sahə 17 min m2-ə yaxındır.

 

Qeyd edək ki, bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılıb.  İşlər ümumi hərəkətə maksimal dərəcədə mane olmamaq şərti ilə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.