Zığ-Suraxanı yolunun daha 2.7 km-lik hissəsi yenidən qurulur - VİDEO / FOTO

24 Avqust 2017- 14:14
11 Zığ-Suraxanı yolunun daha 2.7 km-lik hissəsi yenidən qurulur - VİDEO / FOTO

 

 

Suraxanı rayonunun Zığ - Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işlərinə başlanılıb.

 

Təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılır. Yolun hərəkət hissəsinin eni 9 m təşkil edir.

 

Sözügedən yol uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış, dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı. Artıq bu problem tam olaraq aradan qaldırılır.

 

Aparılan işlər zamanı köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və  optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılır. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənir, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılır.

 

Torpaq işləri yekunlaşdıqdan sonra yolun asfaltlanmasına start veriləcək. Ümumilikdə 2 qat olmaqla yolun 30 min m2-ə yaxın sahəsinə yeni asfalt-beton örtük döşənəcək.

 

Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1.5 metr enində yeni piyada səkilərinin tikintisi nəzərdə tutulub. Səkilərin kənarına 6.5 min p/metr yeni səki daşı düzüləcək.

 

Səth sularının yolun hərəkət hissəsindən ötürülməsini təmin etmək məqsədi ilə 4 yerdə xüsusi quyular tikilərək yağış barmaqlıqları, həmçinin gələcəkdə yola ziyan vurmadan yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün bir-neçə yerdə ehtiyat keçidlər qoyulacaq.

 

Bütün işlər tərtib olunmuş qrafikə uyğun “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır.

 

Qeyd edək ki, ötən il Zığ – Əmircan - Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb və prezident İlham Əliyevin iştirakı ilə sözügedən hissənin açılış mərasimi də keçirilib.

 

Bakı şəhəri Suraxanı rayonunun Zığ – Əmircan – Yeni Suraxanı avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.