Daha bir yolun yenidənqurulmasına başlanılır

5 Noyabr 2015- 00:00
11 Daha bir yolun yenidənqurulmasına başlanılır

        Yaxın günlərdə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidənqurulması layihəsinin birinci hissəsinin tikintisi işlərinə start veriləcək. Söhbət yolun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasında olan 16,480 kilometrlik hissəsindən gedir.

 

        II dərəcəli avtomobil yolunun ümumi eni 15 metr olmaqla iki hərəkət zolağından ibarətdir. Layihəyə əsasən hər bir hərəkət zolağının eni 3,75 metrdir. Yolun kənarlarında 0,75 metr asfalt örtüklü və 3,0 metr ikiqat bituma hopdurulmuş əsasın alt layı materialından olmaqla çiyinlərin eni 3,75 metr olması nəzərdə tutulub.

 

        Yol geyiminin qalınlığı 72 santimetr olacaq. Bura 30 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm örtüyün üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir. Yol üzərində yerləşən bir körpü sökülərək yerində yenisi inşa ediləcək. Kürəkçay üzərindəki körpü 1 aşırımlı və 18 metr uzunluğunda olacaq.

 

        Yenidənqurma işləri çərçivəsində Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasında olan hissəsində 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı su keçidinin tikintisi də aparılacaq.

 

        Qeyd edək ki,uzunluğu 154 kilometr olan Mingəşevir-Bəhrəmtəpə avtomobil yolunun yenidənqurulması layihəsi üç hissədən ibarətdir və digər iki hissənin tikintisi ilə bağlı tender hələlik elan edilməyib.